Ana səhifə | Laboratoriya | Taxıl və qida bölməsi

Yeyinti məhsullarının keyfiyyət və təhlükəsizliyinə nəzarət laboratoriyası

Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda yeyinti məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət üzrə beynəlxalq standartlara uyğun mərkəzi qida sınaq laboratoriyasının yaradılmasına dair İqtisadi İnkişaf Nazirliyinə tapşırıq verilmişdir.

Həmin tapşırığa uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyi nəzdində İstehlak Mallarının Ekspertizası Mərkəzində yeyinti məhsullarının keyfiyyət və təhlükəsizliyinə nəzarət üzrə yeni laboratoriya istifadəyə verilmişdir.

Yeyinti məhsullarının (ət və ət məhsulları, balıq, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, meyvə-tərəvəz, bitki və heyvan mənşəli yağlar və s.) fiziki-kimyəvi, bioloji və toksikoloji göstəricilərinin qısa müddət ərzində və yüksək həssaslıqla təyin edilməsi üçün laboratoriyada hər cür şərait yaradılmışdır.

Laboratoriya dünyanın tanınmış "Varian", "Simens", "Labart", "Orka Food", "Esco Biotech", "Şmartze" kimi şirkətlərinin istehsalı olan ən müasir cihaz və avadanlıqlarla təchiz edilmiş və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akkreditasiyadan keçirilmişdir.