Ana səhifə | Müraciətlər | Ən çox verilən suallar

Malın mənşə ölkəsinin müəyyən edilməsi Qaydaları barədə ən çox verilən suallar

 

Mənşə sertifikatını verən qurumun adı, sertifikatın alınması qaydaları və tələb olunan sənədlər hansılardır?

           1.Azərbaycan Respublikasında malın mənşə sertifikatını verən qurum- İqtisadiyyat Nazirliyidir.

           2.Mənşə sertifikatının verilməsi elektron üsulla həyata keçirilir. Bunun üçün ixracatçı Nazirliyin “economy.gov.az”saytına daxil olmalı və müraciət ərizəsi ilə birlikdə tələb olunan sənədlərin surətini müvafiq qrafalarda yerləşdirməlidir. Mənşə sertifikatının verilməsi proseduru, keçirilən mənşə ekspertizalarının nəticələri əsasında müəyyən olunur.

           3.Mənşə sertifikatının alınması üçün tələb olunan sənədlər:

     mənşə sertifikatının alınması üçün ərizə (reqlamentə əlavə olunur);

     istifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;

     istifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə;

     istifadəçi ilə alıcı arasında bağlanmış müqavilə (olduğu halda);

     qaimə-faktura (invoys);

     ixrac olunan məhsulun ilkin xammalının, yarımfabrikatın yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən müqavilə və ya başqa təsdiqedici sənədlər;

     ixrac olunan məhsulun ilkin xammalı, yarımfabrikatı, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialları xarici ölkə mənşəli olduğu təqdirdə, emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası (XİF ƏN) üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində dəyişmənin olması və ya advalor pay qaydası tətbiq olunduğu hallarda istifadə olunmuş materialların dəyərinin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar sənəd (kalkulyasiya);

 

Malın mənşəyini müəyyən edən sənədin alınmasına görə hansı ödəmələr mövcuddur?

1.Yuxarıda qeyd olunduğu kimi,  malın mənşəyinin müəyyən edilməsi üçün mənşə ekspertizaları keçirilir. Ekspertiza xidmətləri pulludur və Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının Qərarına əsasən müəyyən olunur.Tariflər barədə məlumat Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının rəsmi, “Tarıf.az” saytında yerləşdirilmişdir

2.Mənşə sertifikatı blankına görə ixracatçı 20 manat Dövlət rüsumu ödəməlidir.

 

 Malın mənşəyi ilə bağlı aktual terminlər hansılardır?

malın mənşə ölkəsi – malın tam istehsal olunduğu və ya hazırki Qaydalara müvafiq olaraq kifayət qədər emala / təkrar emala məruz qaldığı ölkə;

kifayət qədər emal / təkrar emal meyarı – malın mənşə ölkəsinin təyin edilməsi meyarlarından biridir. Bu meyara müvafiq olaraq, əgər malın istehsalında iki və ya daha artıq ölkə iştirak etmişdirsə, ərazisində mala onun xarakterik xüsusiyyətlərinin verilməsi üçün kifayət edən sonuncu emalın / təkrar emalın həyata keçirildiyi ölkə mənşə ölkəsi hesab olunur;

kumulyativ prinsip – malın mənşə ölkəsinin təyin edilməsi prinsipidir. Bu prinsipə müvafiq olaraq, malın mənşəyi Saziş iştirakçısı-dövlətlərində ardıcıl emal / təkrar emal nəticəsində son məhsulu istehsal etmiş ölkə üzrə müəyyən olunur;

mal partiyası – bir yük alanın ünvanına bir yük göndərən tərəfindən eyni zamanda bir və ya bir neçə mal-nəqliyyat sənədləri üzrə çatdırılan mallar, həmçinin bir poçt qaiməsi əsasında göndərilən, yaxud sərhədi keçən bir şəxs tərəfindən baqaj qismində keçirilən mallar;

rezident – Saziş iştirakçısı-dövlətinin qanunvericiliyinə əsasən yaşayış yerinə, daimi nümayəndəlik, idarəetmə, qeydiyyat və yaradılma ünvanına və ya istənilən digər analoji xarakteristikalara əsasən vergiyə cəlb olunan, hüquqi şəxs statusu olmayan istənilən fiziki və hüquqi şəxslər, müəssisələr və ya təşkilatlar.

Lakin, qeyd olunan anlayışa yalnız malların istehsalı və / yaxud satışı ilə bağlı olmayan əməliyyatlardan əldə olunan gəlirlərə münasibətdə Saziş iştirakçısı-dövlətlərində vergiyə cəlb olunan şəxslər aid edilmir;

ərizəçi (bəyanatçı) – malın mənşəyi barədə sertifikatın əldə olunması üçün göndərən ölkənin səlahiyyətli, malın mənşəyi barədə sertifikatda qeyd olunan mallar barədə məlumatların doğruluğunu təsdiq edən və buna görə məsuliyyət daşıyan orqanına (təşkilatına) müraciət etmiş şəxs.

Malın ixracatçıları-yükgöndərənləri və ya göndərən ölkənin milli qanunvericiliyinə müvafiq olaraq onların maraqlarını təmsil edən (etibarnamə, tapşırıq müqaviləsi və digər sənədlər əsasında) şəxslər ərizəçilər (bəyanatçılar) hesab oluna bilərlər.

Qeyd olunan anlayışlara həmçinin malın idxalçısı, yükalanı və ya göndərən ölkənin milli qanunvericiliyinə müvafiq olaraq onların maraqlarını təmsil edən (etibarnamə, tapşırıq müqaviləsi və digər sənədlər əsasında) şəxslər də aid edilə bilərlər.

 

Sərbəst ticarət rejimi hansı halda tətbiq edilir?

Saziş iştirakçısı olan dövlətlərin gömrük ərazilərindəki sərbəst ticarət rejimi mala o halda tətbiq edilir ki, əgər o, hazırki Qaydalarla müəyyən edilmiş mənşə meyarına uyğun gəlsin, həmçinin əgər mal:

a) bir Saziş iştirakçısı-dövlətinin rezidenti ilə digər Saziş iştirakçısı-dövlətinin rezidenti arasındakı müqaviləyə / kontrakta əsasən, bir Saziş iştirakçısı-dövlətinin gömrük ərazisindən ixrac edilir və digər Saziş iştirakçısı-dövlətinin gömrük ərazisinə idxal olunursa. Hazırki Qaydaların 8.5 və 8.6-cı bəndlərində qeyd olunan hallarda, həmin müqavilə malın ixracından sonra bağlanıla bilər;

b) bir Saziş iştirakçı-dövlətinin fiziki şəxs sayılan rezidenti tərəfindən bir Saziş iştirakçısı-dövlətinin gömrük ərazisindən digər Saziş iştirakçısı-dövlətinin gömrük ərazisinə ixrac (idxal) edilirsə;

v) ərazisi vasitəsilə malın göndərilməsinin həyata keçirildiyi ölkənin gömrük orqanları tərəfindən sənədlə təsdiq edilmiş gömrük nəzarəti altında üçüncü ölkənin ərazisində yerləşdiyi və ya yerini dəyişdiyi hallar istisna edilməklə, Saziş iştirakçısı-dövlətlərinin ərazisini tərk etmirsə. Bununla belə, malın qorunmasının təmin edilməsi və təkrar yüklənməsi üzrə əməliyyatlar istisna edilməklə, mal dəyişməz vəziyyətdə olmalı və onun üzərində hər hansı əməliyyat aparılmamalıdır.

 

 Sertifikatın doldurulmasına dair tələblər və qaydalar hansilardir?

1.1. CT-1 formalı sertifikat mətbəə üsulu ilə hazırlanmış, sıxlığı 25 q/m2-dan az olmayan A4 (210 x 297 mm) formatlı xüsusi mühafizəli blankda, rus dilində çap olunmuş şəkildə tərtib edilir.

1.2. CT-1 formalı sertifikatın surəti, həmçinin malın mənşəyini təsdiq edən onunla bağlı bütün sənədlər, sertifikatı vermiş səlahiyyətli orqanda ən azı 3  il saxlanılır.

1.3. Sertifikatda şəxslərin faksimil imzalarından istifadə olunmasına, pozulmaların mövcudluğuna, həmçinin müəyyən edilmiş qaydada təsdiq edilməmiş düzəlişlərə və / yaxud əlavələrə yol verilmir.

Sertifikata düzəlişlər və / yaxud əlavələr yanlış informasiyanın üzərindən xətt çəkilməsi və təshih edilmiş məlumatların çap edilməsi və ya əlyazma ilə daxil edilməsi, CT-1 formalı sertifikatı vermiş səlahiyyətli şəxsin imzası və səlahiyyətli orqanının möhürü ilə təsdiq olunur.

1.4. CT-1 formalı sertifikatın doldurulması aşağıdakı tələblərə cavab verməlidir:

qrafa 11 – «Yükgöndərən / ixracatçı (adı və ünvanı)». Qrafanın doldurulması zamanı yükgöndərənin / ixracatçının adının, onun dövlət qeydiyyatı barədə şəhadətnaməsinə və ya yükgöndərənin / ixracatçının yerləşdiyi faktiki ünvanı təsdiq edən sənədə əsasən, əks olunması icazə verilir.

Əgər yükgöndərən və ixracatçı ayrı-ayrı hüquqi şəxslərdirlərsə, yükgöndərənin (adı və ünvanı) ixracatçının (adı və ünvanı) «tapşırığı əsasında» hərəkət etməyi qeyd edilməlidir;

qrafa   21 – «Yükalan / idxalatçı (adı və ünvanı)». Qrafanın doldurulması zamanı yükalanın / idxalatçının adının, onun dövlət qeydiyyatı barədə şəhadətnaməsinə və ya yükalanın / idxalatçının yerləşdiyi faktiki ünvanı təsdiq edən sənədə əsasən, qeyd olunması icazə verilir.

Əgər yükalan və idxalatçı ayrı-ayrı hüquqi şəxslərdirlərsə, yükalanın (adı və ünvanı) idxalatçının (adı və ünvanı) «tapşırığı əsasında» fəaliyyət göstərməsi qeyd edilməlidir;

qrafa 3 – «Nəqliyyat vasitələri və hərəkət marşrutu (məlum olduğu qədər)». Nəqliyyat vasitələri və hərəkət marşrutu barədə məlumatlar, məlum olduğu qədər, qeyd olunur;

qrafa 4 – sertifikatın qeydiyyat nömrəsi, sertifikatı verən ölkə və həmin sertifikat təqdim olunan ölkə qeyd olunur.

Qeydiyyat nömrəsinin əllə yazılmasına və ya ştamp vasitəsilə daxil edilməsinə yol verilir;

qrafa 5 – «Xidməti qeydlər üçün». Çap üsulu ilə, əlyazma və ya ştampla vurulmaqla, ixrac, tranzit və / yaxud malı alan ölkələrin nəzarətedici dövlət orqanlarının xidməti qeydləri, həmçinin, lazım gələrsə, aşağıdakı qeydlər daxil edilir: «Dublikat», «Sertifikatın əvəzinə verilmişdir», «Sonradan verilmişdir», həmçinin hazırki Qaydalarla nəzərdə tutulan digər qeydlər.

Bu qrafaya əllə daxil edilən qeydlər hazırki Qaydaların 7.3-cü bəndinin ikinci abzasında nəzərdə tutulan qaydada təsdiq olunur;

qrafa 6 – «Nömrə». Malın sıra nömrəsi qeyd olunur;

qrafa 7 – «Yerlərin sayı və qablaşdırma növü». Yerlərin sayı və qablaşdırmanın növü göstərilir;

qrafa 8 – «Malın təsviri». Gömrük rəsmiləşdirilməsi məqsədləri üçün bəyan edilənlərə dair malın birmənalı identifikasiyasının aparılmasına imkan verən malın kommersiya adı və digər məlumatlar göstərilir.

8-ci qrafanın doldurulması üçün yer kifayət etmədikdə, müəyyən edilmiş qaydada doldurulan (imza, möhür ilə təsdiq edilmiş və sertifikatın 4-cü qrafasında göstərilən qeydiyyat nömrəsi ilə eyni nömrəyə malik olan) malın mənşəyi barədə əlavə vərəqdən (vərəqlərdən) (əlavə vərəqin blankı hazırki qaydaların ayrılmaz hissəsi hesab edilən 3-cü Əlavədə təqdim olunur) istifadəyə yol verilir.

Əhəmiyyətli mal nomenklaturu siyahısı ilə mal partiyasının daşınması hallarda, bir şərtlə ki, bütün mallar eyni bir mal mövqeyində təsnif edilmişdir və eyni mənşə meyarına malikdir, sertifikatın əlavə vərəqinin (vərəqlərinin) tərtib edilməsi əvəzinə malların tam siyahısının qeyd olunduğu mal-müşayiətedici sənədindən (hesab-faktura, hesab-proforma, nəqliyyat qaiməsi / konosament, yaxud malın miqdar xarakteristikasını əks etdirən digər sənəd) istifadə olunmasına icazə verilir. Birinci vərəqində sertifikatın qeydiyyat nömrəsi və müvafiq verilmə tarixi qeyd olunan həmin mal-müşayiət sənəd sertifikatla birlikdə idxal ölkəsinin gömrük orqanına təqdim edilir. Mal-müşayiətedici sənəddə malların mənşəyi barədə məlumatlar sertifikatı vermiş səlahiyyətli orqan tərəfindən təsdiq edilir. Bununla belə, sertifikatın 8-ci qrafasında rekvizitləri və ibarət olduğu vərəqlərinin sayı qeyd olunmaqla, mal-müşayiətedici sənədə istinad edilir;

qrafa 9 – «Mənşə meyarı». Malların aşağıdakı mənşə meyarları qeyd olunur:

«P» – tamamilə Saziş iştirakçısı-dövlətində istehsal edilmiş mal;

«D1905» – son məhsulun XİF ƏN üzrə mal mövqeyindəki kodunun ilk dörd rəqəmi, məsələn – 1905 göstərilməklə, kifayət qədər emala / təkrar emala məruz qalmış mal;

«K» – mənşə ölkəsi kumulyativ prinsip əsasında müəyyən edilmiş mal.

Əgər sertifikatda XİF ƏN üzrə müxtəlif mal mövqelərində təsnif edilmiş və müxtəlif mənşə meyarlarına malik olan mallar bəyan edilmişdirsə, onda 9-cu qrafada bütün bəyan edilmiş mallar üçün differensial olaraq mənşə meyarı qeyd olunur;

qrafa 10 – «Malın miqdarı». Brutto / netto çəkisi (kq) və / yaxud XİF ƏN əsasən malın digər miqdar xarakteristikaları göstərilir. İxrac edilən malın faktiki miqdarı sertifikatda göstərilən miqdarın 5%-dən çox olmamalıdır.

Netto çəkisi pərakəndə ticarət zamanı maldan ayrılmayan ilkin qablaşdırma nəzərə alınmaqla göstərilir.

Uzunmüddətli xarici ticarət müqavilələri / sövdələşmələri üzrə eyni yükgöndərəndən eyni yükalana çatdırılarkən, sertifikatların dövrü nəşrlərə verilməsi zamanı qrafanın doldurulması vacib deyildir. Bununla belə, azad ticarət rejimi idxal edilən dövrü nəşrlərin faktiki miqdarı üzrə təqdim edilir.

qrafa 11 – «Hesab-fakturanın nömrəsi və tarixi». Hesab-faktura, yaxud hesab-proforma, yaxud da malın maliyyə və / yaxud miqdar parametrini əks etdirən digər sənəd barədə məlumatlar göstərilir (Yük eyni yükgöndərəndən eyni yükalana çatdırılarkən, uzunmüddətli xarici ticarət müqavilələri / sövdələşmələri həyata keçirilərkən qrafanın doldurulması vacib deyildir);

qrafa 12 – «Təsdiq etmə». Səlahiyyətli orqan tərəfindən doldurulur və onun adı, ünvanı, möhürü və sertifikatın verilmə tarixi, həmçinin sertifikatı təsdiq etmək səlahiyyətinə malik olan şəxsin imzası, soyadı və inisialları qeyd olunur.

Tarixin, həmçinin səlahiyyətli şəxsin soyadının və inisiallarının əlyazma ilə  və ya ştampla daxil edilməsinə icazə verilir;

qrafa 13 – «Ərizəçinin bəyannaməsi». Malın tam şəkildə istehsal edildiyi, yaxud kifayət qədər emala / təkrar emala məruz qaldığı ölkə, malın mənşə ölkəsi barədə məlumatların bəyan edildiyi tarix qeyd olunur, həmçinin ərizəçinin möhürü vurulur, ərizəçinin səlahiyyətli nümayəndəsinin imzası, soyadı və inisialları yazılır.

Tarixin, həmçinin səlahiyyətli şəxsin soyadının və inisiallarının əlyazma ilə və ya ştampla daxil edilməsinə icazə verilir.

Mal fiziki şəxs – Saziş iştirakçısı-dövlətinin rezidenti tərəfindən ixrac (idxal) olunduğu halda, CT-1 formalı sertifikat aşağıdakı xüsusiyyətlər nəzərə alınmaqla doldurulur:

qrafa 1 – yükgöndərənin soyadı, inisialları və ünvanı əks olunur;

qrafa 2 – məlum olduqda, yükalanın soyadı, inisialları, ünvanı qeyd olunur, həmçinin «Sərbəst dövriyyə üçün» qeydi aparılır.

Yükgöndərənin və yükalanın eyni fiziki şəxs olmasına yol verilir;

5-ci və 11-ci qrafalar, məlumat olmadıqda, doldurulmaya bilər;

13-cü qrafa malın mənşə ölkəsi barədə məlumatların rəsmiləşdirilmə tarixi, həmçinin yükgöndərənin soyadı və inisialları göstərilməklə, yükgöndərənin imzası ilə təsdiq edilir.

1.5. Sertifikat blankının arxa tərəfinin doldurulmasına icazə verilmir.

 

Sertifikatın verilməsinin əlavə halları hansılardır?

 1. CT-1 formalı sertifikat ərizəçinin (bəyanatçının) yazılı müraciəti əsasında malın ixracından sonra verilə bilər. Bu halda, ərizəçi (bəyanatçı), əlavə olaraq, malın faktiki ixrac olunduğunu təsdiq edən gömrük orqanının müvafiq qeydi olan gömrük bəyannaməsini səlahiyyətli orqana təqdim etməlidir2. Bu halda, sertifikatın 5-ci qrafasında «Sonradan verilmişdir» qeydi aparılır.

2. CT-1 formalı sertifikat itirildikdə və ya zədələndikdə, onun dublikatı verilir. Dublikat verilərkən, 12-ci – «Təsdiq etmə» qrafasında dublikatın verilmə tarixi, 5-ci – «Xidməti qeydlər üçün» qrafasında isə «Dublikat» sözü, itirilmiş və ya zədələnmiş CT-1 formalı əsl sertifikatın nömrəsi və tarixi göstərilməlidir. Sertifikatın dublikatı əsl sertifikatın verilmə tarixindən etibarən qüvvəyə minir.

Sərbəst ticarət rejiminin təqdim edilməsi məqsədilə sertifikatın dublikatının tətbiq müddəti əsl sertifikatın verilmə tarixindən etibarən 12 aydan çox olmamalıdır.

3. Hər hansı səbəbdən ləğv edilmiş CT-1 formalı sertifikatın əvəzinə, yaxud əvvəllər verilmiş sertifikatın yenidən tərtib edilməsi zərurəti yarandıqda, ərizəçinin (bəyanatçının) yazılı əsaslandırılması ilə CT-1 formalı yeni sertifikat verilə bilər. Bununla belə, ləğv edilmiş / təkrar tərtib edilmiş sertifikatın nömrəsi və tarixi göstərilməklə, «CT-1 formalı sertifikatın əvəzinə verilmişdir» qeydi daxil edilir. 

Elektron müraciətlər zamanı sənədləri necə yükləməli?

Elektron müraciətlər zamanı sənədlərin yüklənməsi ilə bağlı yaranan problemlərin araşdırılması göstərir ki, buna səbəb yüklənən sənədlərin həcmlərinin tələb olunan normadan artıq olmasıdır. Bu problemi aradan qaldırmaq üçün sənədi skan edərkən bəzi göstəricilərə diqqət yetirilməlidir. Bu göstərəcilər aşağıdakılardır :

-          Sənədin formatı pdf seçilməli;

-          Çoxsəhifəli sənədlər ağ-qara rejimdə skan edilməli;

-          Sənədin keyfiyyəti nisbətən aşağı salınmalıdır (məs. 200-300dpi).

Ödənişləri real vaxt rejimində (online) həyata keçirmək mümkündürmü?

2013-cü ildən başlayaraq mənşə sertifikatlarının alınması üçün edilən ödənişlər Mərkəzi Bankın Kütləvi Ödənişlərin Mərkəzləşdirilmiş İnformasiya Sisteminə (KÖMİS) daxil edilmişdir. Həmin dövrdən etibarən ödənişlərin real vaxt rejimində (online) həyata keçirilməsi və qəbzin çap olunması imkanı yaradılmışdır. Bu imkandan istifadə etməklə Siz yerləşdiyiniz ofisdən, evdən və internetə çıxış imkanı olan istənilən yerdən ödənişlərinizi plastik kart vasitəsilə həyata keçirə bilərsiniz. Bunun üçün Mərkəzi Bankın https://gpp.az/az portalına daxil olmaq və sizə poçt vasitəsilə göndərilmiş 8 rəqəmli (xxx-xxxxx) sənəd nömrəsindən istifadə etmək lazımdır. Ödəniş etmək üçün əməliyyat ardıcıllığı aşağıdakı şəkildədir:

1)    https://gpp.az/az daxil olun;

2)    QRUP HALINDA ÖDƏNİŞLƏR bölməsini seçin;

3)    Müəssisə bölməsində tələb olunan təşkilatı seçin - İqtisadiyyat Nazirliyi ;

4)    Sənəd nömrəsini daxil edin (elektron müraciət zamanı qeyd etdiyiniz mail ünvana göndərilən 8 rəqəmli TAM Ödəniş kodu);

5)    Təhlükəsizlik kodunu daxil edin;

6)    Axtar düyməsini sıxın;

7)    Cədvəldə öz müəssisənizin adını və ödəniləcək məbləğin doğruluğunu yoxladıqdan sonra TAM Ödəniş düyməsindən istifadə edərək kart məlumatlarını daxil edin;

8)    Ödəniş başa çatdıqdan sonra KÖMİS-ə qayıt düyməsindən istifadə edərək qəbzləri çap edə bilərsiz.