Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə 29 fevral 2024-cü il tarixində Yevlax şəhərində növbəti Aqrar Biznes Festivalı keçirilmişdir.
İqtisadiyyat Nazirliyinin yanında Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin dövlət tərəfdaşlığı ilə keçirilmiş festivalda Yevlax, Bərdə, Tərtər, Goranboy, Şəki və Ağdaş rayonlarından fermer-sahibkarlar iştirak etmişlər.
Açılış mərasimində çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Xaliq Əliyev regionda keçirilən bu cür tədbirin maarifləndirmə və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından müsbət əhəmiyyətə malik olmasını vurğulayarq tədbirin sahibkarlar üçün uğurlu keçməsini arzu etmişdir.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxış edərək bildirmişdir ki, Aqrar Biznes Festivalları istehsal sahələrində, xüsusilə kənd təsərrüfatında tətbiq olunan müasir texnologiyalar, yeniliklər və innovasiyaların fermerlərə çatdırılması üçün nəzərdə tutulmuş platformadır.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi”-nin direktorunun müşaviri Elşad Həsənov çıxışında Aqrar Biznes Festivallarında Mərkəzin dövlət tərəfdaşı qismində təmsil olunduğunu diqqətə çatdıraraq, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan sahibkarlara yaradılmış bu imkanlardan maksimum faydalanmağı tövsiyyə edərək Mərkəzin fəaliyyəti barədə də qısa məlumat vermişdir.
Açıq havada qurulmuş stendlərə baxış keçirildikdən sonra tədbir festival çərçivəsində təşkil olunan panel müzakirələrlə davam etmişdir. Bu müzakirələrdə Mərkəzi təmsil edən direktorun müşaviri Elşad Həsənov “İstehlak Mallarının Ekspertizası Mərkəzi”-nin əsas fəaliyyəti, göstərilən yeni məsləhət xidmətləri və Azərbaycan Respublikası Nazirlər Kabinetii tərəfindən 30 dekabr 2023-cü il tarixində təsdiq edilmiş “Satınlama güzəştinin tətbiqi Qaydası” barədə ətraflı çıxış etmiş və sahibkarları maraqlandıran suallar cavablandırılmışdır.