Qazax-Tovuz iqtisadi rayonu üzrə yekun Aqrar Biznes Festivalı Gədəbəy rayonunda baş tutub. İstehlak Mallarının Ekspertizası Mərkəzinin tərəfdaşlığı ilə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkil etdiyi festivala Gədəbəy, Daşkəsən, Göygöl, Qazax, Tovuz, Ağstafa, Şəmkir rayonlarından fermer-sahibkarlar qatılıb.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə bu iqtisadi rayonda fəaliyyət göstərən yerli şirkətlərin məhsulları ilə yanaşı müasir texnika və aqreqatlar, yeni texnologiyalar nümayiş olunub.
Eyni zamanda, regionda sahibkarlığın inkişafına dəstək vermək, güzəştli kreditlərlə bağlı məlumatlılığı artırmaq məqsədilə festivalda 10-a yaxın bank və bank olmayan kredit təşkilatı da iştirak edib. Sahibkarların və fermerlərin sualları mütəxəssislər tərəfindən cavablandırılıb.
Festival zamanı innovativ təsərrüfatların bölgələrdə daha geniş vüsət alması və təbliği məqsədilə yüksək məhsuldarlıq göstəricilərinə malik, yeni yanaşma və innovativ texnologiyaların tətbiq olunduğu, aqrokimyəvi texniki qulluq qaydalarına əməl edən təsərrüfatların mütəxəssisləri öz təcrübələrini bölüşüblər.
Qeyd edək ki, Mərkəzin tərəfdaşlığı ilə Qazax-Tovuz iqtisadi rayonu üzrə Ağstafa, Qazax, Şəmkir, Tovuz rayonlarında festivallar təşkil edilib. Bu festivallarda 4600-ə yaxın fermer-sahibkar, 100-ə yaxın dövlət qurumu və aqrar sahədə ixtisaslaşmış yerli və xarici şirkət iştirak edib.